2016-03-31
Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfiri Ağasəlim Şükürov Livanda Fəxri Konsul Korpusunun duayeni və Sinqapur Respublikasının Fəxri Konsulu Cozef Habislə görüş keçirmişdir.

Görüş zamanı Səfir C.Habisə ölkəmiz haqqında ətraflı məlumat verərək, Azərbaycanın müstəqillik qazandıqdan sonra uzun müddət ərzində Livanda fəxri konsulluq vasitəsilə təmsil olunduğunu bildirmiş, Azərbaycan Respublikasının Livan Respublikasında Səfirliyinin təsis olunması ilə ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bəyan etmişdir.

Öz növbəsində C.Habis 1974-cü ildə Sinqapur Respublikasının Livandakı Fəxri Konsulu təyin olunması və 1986-cı ildə Fəxri Konsul Korpusunun təsis olunması barədə məlumat verərək, hal-hazırda korpusa 106 ölkənin Livandakı fəxri konsullarının daxil olduğunu bildirmişdir.

C.Habis müxtəlif sahələrdə böyük nüfuz qazanmış livanlı iş adamları, ticarətçilər, bankirlər, mühəndislər, doktorlar və hüquqşünaslardan ibarət olan fəxri konsulların təmsil etdikləri ölkələrlə Livan arasında əlaqələrin hərtərəfli inkişafına böyük töhfə verdiklərini qeyd etmişdir.

Daha sonra C.Habis Azərbaycan Respublikasının Livan Respublikasında Səfirliyinin təsis edilməsini yüksək qiymətləndirərək, bu addımın ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verəcəyindən əminliyini ifadə etmiş və Azərbaycan tərəfi ilə hərtərəfli əməkdaşlığa hazır olduğunu vurğulamışdır.

 

 

növbəti xəbər əvvəlki xəbər

 

 
bakushop_1