2016-10-18
18 oktyabrda Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd olunur

1991-ci il 18 oktyabr tarixində Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Həmin tarixdən Azərbaycan müstəqil və suveren bir ölkədir.

XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik qazandı.

Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə, Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında isə "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi. Azərbaycan Respublikasında dekabrın 29-da müstəqilliklə bağlı ümumxalq səsverməsi keçirildi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.

Müstəqilliyin ilk illərdə Azərbaycan xalqı ölkə ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalı və iqtisadi tənəzzül kimi ciddi problemlərlə üzləşdi. 1993-cü ildə belə çətin şəraitdə xalqın tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirdi və Azərbaycan inkişaf mərhələsinə qədəm qoydu. Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti və yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başladı və dünyanın ən dinamik iqtisadiyyata malik ölkələrindən birinə çevrildi.

Heydər Əliyevin beynəlxalq arenada inamlı addımları sayəsində Azərbaycan diplomatiyası aktiv mərhələyə qədəm qoydu. Dünya birliyinin Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişdi. Ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı məsələsi bütün beynəlxalq hüquqi sənədlərdə öz əksini tapdı. Bu gün ümummilli liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük öndər Heydər Əliyevin siyasi kursunu müvəffəqiyyətlə davam etdirir.

növbəti xəbər əvvəlki xəbər

 

 
bakushop_1