İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

1972-ci ildə Ümummilli Lideri Heydər Əliyev Livanda səfərdə olmuşdur.

1991-ci ilin 30 dekabrında Azərbaycan Respublikasının müstəqilliyi Livan Respublikası tərəfindən tanınmışdır.

1992-ci ilin 18 sentyabr tarixində iki ölkə arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

1996-cı ildən etibarən Livan BMT-də Azərbaycanın irəli sürdüyü düzəliş və əlavələrə bitərəf mövqe nümayiş etdirmişdir.

1997-ci ilin martında Azərbaycan Respublikası Milli Məclisin sədri M. Ələsgərov İKT-nin İslamabadda keçirilən növbədənkənar Zirvə Toplantısı çərçivəsində Livanın Baş naziri Rafiq əl-Həriri ilə görüş keçirmişdir. Görüş əsnasında R.əl-Həriri Londonda çıxan "Əl-Həyat" qəzetinin 1996-cı ilin 14 mart tarixli sayında Livan Xarici İşlər naziri F. Buveysə istinadən dərc edilmiş, Azərbaycan Respublikasına qarşı qərəzli xarakter daşıyan yazını tam təkzib etmiş, ölkəsinin İKT-nin  Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qəbul etdiyi bütün qərarları birmənalı şəkildə dəstəklədiyini bildirmişdir. Baş nazir R.əl-Həriri Azərbaycanda mövcud siyasi və iqtisadi vəziyyətlə, həmçinin Azərbaycanın Qafqaz regionundakı mövqeyi ilə yaxından tanış olmaq üçün azərbaycanlı diplomat İ.Vəkilovu ölkəsinə şəxsi qonaq kimi dəvət etmişdir.

1997-ci il 31 mart tarixində Livanın Baş naziri Rafiq əl-Həririnin dəvəti ilə Azərbaycan Respublikasının Misirdəki səfiri İ. Vəkilov Livanda səfərdə olmuşdur. R.əl-Həriri Azərbaycan səfirini qəbul etmişdir. Görüşdə Ermənistanın Azərbaycana qarşı təcavüzü, həmin təcavüzün ağır nəticələri müzakirə edilmişdir. Baş nazir Rusiyaya gözlənilən səfərindən sonra Azərbaycana səfər edəcəyini bildirmişdir. Dünyanın ən varlı adamlarından sayılan Rafiq əl-Həriri Azərbaycanın böyük təbii ehtiyatları – neft, qaz, neft məhsulları və neftin nəqli ilə əlaqədar məsələlərlə də maraqlanmışdır. Səfər çərçivəsində Beyrutda və erməni diasporunun əsas hissəsinin yaşadığı Tripoli qəzasında kütləvi informasiya vasitələri və ictimaiyyətin nümayəndələri ilə çoxsaylı görüşlər keçirmiş, Azərbaycana qarşı erməni təcavüzü barədə iştirakçılara ətraflı məlumat verilmişdir.

1997-ci il 19-20 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti  Heydər Əliyevin xüsusi tapşırığı ilə Xarici İşlər naziri H.Həsənov Livanda rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində H.Həsənov Livanın Xarici İşlər naziri Nəbih Bərri ilə görüşmüşdür. N.Bərri Livanın Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tam şəkildə dəstəklədiyini, ölkəsinin qarşılıqlı maraq doğuran bütün sahələrdə Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdir.

H.Həsənov Livanın Prezidenti İlyas Həravi tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikası Prezidentinin şəxsi məktubunu Livan Prezidentinə təqdim etmişdir. Livan Prezidenti Azərbaycan Prezidentinə öz təşəkkürünü və salamlarını bildirərək onu Livana rəsmi səfərə dəvət etmişdir.

H.Həsənov Livanın Baş naziri Rafiq əl-Həriri, Livan Parlamentinin Sədri, Livan Hökumətinin bir sıra məsul şəxsləri və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşlər keçirmişdir. Görüşlərdə regional və beynəlxalq problemlər, Ermənistanın Azərbaycana qarşı yönəlmiş işğalçılıq siyasətinin ağır nəticələri, Yaxın Şərq problemi və qarşılıqlı maraq doğuran bir sıra siyasi-iqtisadi məsələlər müzakirə olunmuşdur.

1997-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri İ.Vəkilov, eyni zamanda, Azərbaycan Respublikasının Livandakı səfiri təyin edilmişdir.

1998-ci ilin 3 yanvar tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Livan Respublikası Xarici İşlər Nazirinin müşaviri N.Qəssub Azərbaycan Respublikasının Livanda fəxri konsulu təyin edilmişdir.

1998-ci ilin 9-11 dekabr tarixlərində İKT üzv dövlətlərin  Tehranda keçirilmiş VIII Zirvə Toplantısı zamanı Azərbaycan Respublikasının Prezidenti  Heydər Əliyev Livan Respublikasının Prezidenti İlyas Həravi və Livanın Baş naziri Rafiq əl-Həriri ilə görüşmüşdür. Görüş zamanı Azərbaycan Respublikasının dünyanın bütün dövlətləri ilə beynəlxalq hüquq normalarına uyğun, dostluq və qarşılıqlı hörmətə əsaslanan  münasibətlərin yaradılması əzmində olduğunu bildirən Prezident Heydər Əliyev beynəlxalq təşkilatlar, xüsusilə də İKT çərçivəsində ölkələrimiz arasında mövcud əməkdaşlığı razılıq hissi ilə qeyd etmiş, Azərbaycana qarşı Ermənistan Respublikasının təcavüzü ilə bağlı qərar və qətnamələrin qəbul edilməsində Livan tərəfinin birmənalı dəstəyini yüksək qiymətləndirərək, Azərbaycan-Livan iqtisadi əlaqələrinin  genişlənməsi üçün böyük imkanlar olmasını vurğulamışdır.   

Yaxın Şərq regionunda vəziyyəti diqqətlə izlədiyini, orada gedən proseslərin bəzən Qafqazda cərəyan edən hadisələrə müəyyən təsir etdiyini qeyd edən Prezident Heydər Əliyev həmin regionda vəziyyətin gərginləşməsi ilə bağlı dərin narahatlığını, 1990-cı ildə Madriddə başlanmış, Yaxın Şərqdə sülh prosesinin mühüm istiqamətlərindən olan, 1996-cı ildən yarıda qalmış İsrail-Suriya-Livan danışıqlarının bərpa edilməsinin zəruriliyini vurğulamış və BMT Təhlükəsizlik Şurasının 19 mart 1978-ci ildə Livana dair  qəbul etdiyi 425 saylı qətnaməsinin tezliklə, əməli olaraq  həyata keçirilməsinə ümid etdiyini bildirmişdir.     

Görüş zamanı hər iki tərəfi maraqlandıran məsələlərə toxunulmuş və iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf perspektivləri də müzakirə edilmişdir.

1998-ci ilin 11-12 fevral tarixlərində Livan Respublikasının Baş naziri Rafiq əl-Həriri Ümummilli Lider Heydər Əliyevin dəvəti ilə AR-a rəsmi səfər etmişdir. Səfər çərçivəsində R.əl-Həriri Ümummilli Lider Heydər Əliyev tərəfindən qəbul edilmiş və iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi məqsədilə 4 sənəd imzalanmışdır.

2004-cü ilin 29 oktyabr tarixində BMT-nin Baş Assambleyasında Azərbaycanın təşəbbüsü ilə 59-cu sessiyanın gündəliyinə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” barədə əlavə bəndin salınmasına dair səsvermələrdə Livan bitərəf mövqe nümayiş etdirmiş və bu da öz növbəsində Azərbaycan tərəfinin ciddi narahatlığına səbəb olmuşdur. Azərbaycana dair belə mövqe Livanın daxili ictimai-siyasi həyatında erməni icmasının böyük nüfuzu və həmin vaxt Livanın prezidenti Emil Ləhudun anası və həyat yoldaşının erməni mənşəli olması ilə izah olunmuşdur.

2007-ci il 12-13 aprel tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər naziri E.Məmmədyarov Livan Respublikasında rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində E.Məmmədyarov Livan Prezidenti Emil Lahud, Baş nazir Fuad Sinyora, Xarici İşlər naziri Fauzi Sallux, Parlamentin sədri Nəbih Bərri, Parlamentin üzvü Valid Cumbulat və sabiq Prezident Əmin Jemayel ilə görüşlər keçirmişdir.

2008-ci ilin 14 mart tarixində BMT Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının təqdim etdiyi “İşğal olunmuş Azərbaycan ərazilərində vəziyyətə dair”  Qətnamə layihəsi ilə əlaqədar keçirilmiş səsvermədə Livan iştirak etməmişdir.  

2008-ci ilin 27 oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin  Sərəncamı ilə AR-ın Suriya Ərəb Respublikasındakı səfiri M.M.Əliyev iqamətgahı Dəməşq şəhərində olmaqla AR-ın Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.

2009-cu ilin 24 sentyabr tarixində Nyu-Yorka səfəri çərçivəsində nazir E.Məmmədyarov Livanın Xarici İşlər naziri Fauzi Salloux ilə görüşmüşdür. Görüşdə iki ölkə arasındakı əməkdaşlıq, əlaqələrin inkişaf etdirilməsi, Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyət və birgə maraq kəsb edən müxtəlif mövzular müzakirə olunmuşdur. E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyi barədə livanlı həmkarına məlumat vermiş və bu münaqişə həll edilmədən regionda sülhün və təhlükəsizliyin təmin edilməsinin mümkünsüzlüyünü bildirmişdir.

2009-cu ilin 30 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Livan Respublikasında (Beyrut şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalamışdır.

2010-cu ilin 26-27 aprel tarixlərində AR-ın Suriya Ərəb Respublikasında, eyni zamanda Livandakı səfiri M. Əliyev Livan Respublikasının Dövlət naziri Ədnan əl-Qassar,  Energetika naziri Cubran Basil, Gənclər və İdman naziri Əli Abdullah və Mədəniyyət naziri Səlim Vardi  ilə, 28 aprel tarixində Livanın Baş naziri Səadəddin əl-Həriri ilə görüşlər keçirmişdir.

2010-cu il 18 - 22 noyabr tarixlərində Livan Respublikasının Gənclər və İdman naziri Əlki Hüseyn Andullahın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimovun dəvəti əsasında Azərbaycana səfəri həyata keçirilmiş və səfər zamanı Livan nümayəndə heyətinin başçısı AR Baş naziri Artur Rasi-zadə tərəfindən qəbul edilmiş, Təhsil naziri Misir Mərdanovla görüşmüşdür. 

2013-cü ilin 11 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin 2947 saylı Sərəncamı ilə Nəzih Qəssub Azərbaycan Respublikasının Livanda fəxri konsulu vəzifəsindən geri çağırılmışdır.

2014-cü ilin 20 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin  886 nömrəli Sərəncamı ilə M.M.Əliyev AR-ın Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılmışdır.

2015-ci ilin 5 oktyabr tarixində Azərbaycan Respublikası Prezidentinin  1435 nömrəli Sərəncamı ilə Ağasəlim Şükürov AR-ın Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri  təyin edilmişdir.

Ticarət dövriyyəsi 

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

Saldo

2014

1536.0

35091.2

36627.2

-24849.5

Azərbaycan Respublikası ilə Livan Respublikası arasında imzalanmış sazişlərin siyahısı

  1. Azərbaycan Respublikası Hökuməti və Livan Respublikası Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş. Bakı, 11 fevral 1998-ci il. Azərbaycan Respublikasının 565-IQ saylı, 4 dekabr 1998-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir. 
  2. Azərbaycan Respublikası Hökuməti və Livan Respublikası Hökuməti arasında hava əlaqələri haqqında Saziş. Bakı, 11 fevral 1998-ci il. 8 may 1999-cu il tarixində qüvvəyə minmişdir.
  3. Azərbaycan Respublikası Hökuməti və Livan Respublikası Hökuməti arasında gömrük məsələlərinə dair qarşılıqlı yardım haqqında Saziş. Bakı, 11 fevral 1998-ci il. 1 may 1999-cu il tarixində qüvvəyə minmişdir.
  4. Azərbaycan Respublikası Hökuməti və Livan Respublikası Hökuməti arasında ticarət – iqtisadi əməkdaşlıq haqqında Saziş. Bakı, 11 fevral 1998-ci il. 8 may 1999-cu il tarixində qüvvəyə minmişdir.

Arxiv üzrə axtarış