Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi

İordaniya  ərazisində pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının Azərbaycana qayıtmaq hüququ Azərbaycan Respublikasına Qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir. Bu şəhadətnamə Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Səfirliyi tərəfindən verilir.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əldə etmək istəyən Azərbayca Respublikası vətəndaşları aşağıda qeyd edilən sənədləri Səfirliyin konsulluq bölməsinə təqdim etməlidirlər:

1.    Vətəndaşın  şəxsən əli ilə yazdığı ərizə

2.    Qayıdış şəhadətnaməsinin verilməsi üçün doldurulmuş ərizə-anket forması

3.    Pasport yararsız hala düşdükdə və ya onun etibarlıq müddəti bitdikdə - pasportun özü   

4.    2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə) (donuq-matovıy);

5.    Üzərində fotoşəkil olan aşağıdakı sənədlərdən biri - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bileti, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi və ya şəxsiyyətini və ya vətəndaşlığını müəyyənləşdirən digər rəsmi sənədi;

6.     Azərbaycan Respublikasının vətəndaşı ilə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsi;

7.    Dövlət rüsumunun ödənilməsi haqqında sənəd (40 ABŞ dolları).

Yuxarıda qeyd edilən sənədlər təqdim edildikdən sonra ərizə-anket Səfirliyin konsulluq bölməsində qeydə alınır və şəhadətnamənin verilməsi haqqında müvafiq cavab 3 (üç) iş günü müddətində verilir.

 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, Səfirliyin Konsulluq bölməsi vətəndaşın özü barəsində təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı vasitəsilə, müstəsna hallarda isə birbaşa Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sorğu göndərir. Azərbaycan Respublikası vətəndaşının özü barəsində təqdim etdiyi məlumatların düzgünlüyü təsdiq edildikdə, ona 3 (üç) iş günü  müddətindəŞəhadətnamə verilir.

Azərbaycan Respublikasının vətəndaşı  Şəhadətnaməni Azərbaycan Respublikasının ərazisinə qayıtdığı vaxtdan 20 gün müddətində ona pasport verən dövlət orqanına təhvil verməlidir.

Azərbaycan Respublikasının vətəndaşı özü, habelə onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış şəxs barəsində bilərəkdən yanlış məlumat verərsə, onaŞəhadətnamə verilməsindən imtina olunur və bu barədə yazılı cavab verilir. İmtina haqqında qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verilə bilər.

Qeyd: Səfirlik tərəfindən vətəndaşlara Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi rəsmiləşdirilərkən onların yararsiz hala düşmüş və ya etibarlılıq müddəti bitmiş pasportu Səfirlik tərəfindən təhvil alınır və buna dair təsdiqləyici sənəd-arayış vətəndaşa təqdim edilir. Bu arayışa əsasən təhvil alınmış pasport daxili işlər orqanlarına göndəriləcəkdir. Arayış iki nüsxədə tərtib olunaraq bir nüsxəsi müraciət edən vətəndaşa təqdim edilir.

Qayıdış Şəhadətnaməsinin verilməsi haqqında ƏRİZƏ-ANKET FORMASI

Arxiv üzrə axtarış