2016-02-22

Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfiri Ağasəlim Şükürov Livan Beynəlxalq Ticarət Palatasının Prezidenti və eyni zamanda, Livan-Türkiyə İş Adamları Şurasının Sədri Vəcih Bizri ilə görüşmüşdür.

Görüş zamanı ölkəmizdə bütün sahələrdə islahatlar və yenidənqurma işləri aparılması, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Axalkalaki-Qars dəmiryolu xətti kimi beynəlxalq əhəmiyyət daşıyan bir sıra layihələrin həyata keçirildiyi barədə məlumat verilmişdir.

Zəngin təbii sərvətlərə, böyük iqtisadi potensiala malik olan və əlverişli coğrafi mövqedə yerləşən ölkəmizin Livanla iqtisadi və ticari sahələrdə əməkdaşlığa çox önəm verdiyi vurğulanmışdır.

V.Bizri Azərbaycan və Livan arasında iqtisadi əlaqələrin  qurulması və bu sahədə sıx əməkdaşlıq etmək üçün Livan Beynəlxalq Ticarət Palatasının nəzdində Livan-Azərbaycan İş Adamları Şurasının və ölkəmizdə eyniadlı şuranın yaradılmasının və həmin qurumlar tərəfindən qarşılıqlı səfərlər, biznes forumları və sahibkarlarla görüşlərin təşkilinin zəruri olduğunu bildirmişdir.

Hal-hazırda bir neçə livanlı iş adamının Azərbaycanda fəaliyyət göstərdiyini bildirən V.Bizri bu fəaliyyətin sistemləşdirilməsinə və genişləndirilməsinə ehtiyac olduğunu qeyd etmiş və Livan Beynəlxalq Ticarət Palatasının Azərbaycan tərəfi ilə hərtərəfli əməkdaşlığa hazır olduğunu vurğulamışdır.

 

Arxiv üzrə axtarış