Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfiri Ağasəlim Şükürov Livanın Azad Vətənpərvər Hərəkatının lideri və prezidentliyə əsas namizədlərdən biri olan general Mişel Aunla görüş keçirmişdir.
Görüş zamanı Səfir Azərbaycanın müxtəlif mədəniyyətlərin və dini konfessiyaların birgə yaşadığı tolerant ölkə olması, həyata keçirilmiş islahatlar və irimiqyaslı enerji layihələri sayəsində, iqtisadi sahədə dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilməsi və beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması barədə məlumat vermişdir.
Öz növbəsində M.Aun Livanda gedən siyasi proseslər, prezident böhranı, Livan qruplaşmaları arasında aparılan dialoq, Livanın ərəb və region ölkələri ilə münasibətləri barədə ətraflı məlumat vermişdir.
Görüş zamanı Səfir Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 20% ərazisinin işğal altında olması və 1 milyondan çox insanın qaçqın vəziyyətinə düşməsi və həmçinin tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesi barədə ətraflı məlumat vermişdir.