2016-07-20

Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfiri Ağasəlim Şükürov Livan Respublikasının Baş Naziri Tammam Salam ilə görüşmüşdür.

Görüş zamanı Səfir Ümummilli Lider Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində qısa zaman ərzində regionda lider dövlətə çevrilmiş Azərbaycanın nəhəng transmilli iqtisadi layihələrdə iştirakından, beynəlxalq sammit və konfranslara, çempionat və olimpiadalara evsahibliyi etməsindən bəhs etmişdir. Azərbaycanın birinci xanımı, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünyanın bir sıra bölgələrində xeyriyyəçilik fəaliyyəti, o cümlədən məktəb və xəstəxanaların inşası, sosial layihələrin həyata keçirilməsi, Versal sarayı, Berlin qəsri, Luvr muzeyi və Vatikan kimi dünya əhəmiyyətli tarix-mədəniyyət abidələrində təmir-bərpa işlərinin aparılması haqqında məlumat vermişdir.

Səfir daha öncə Azərbaycan Respublikasının Suriyadakı Səfirliyinin Livanda akkreditə olunduğunu xatırladaraq, 2015-ci ildə iqamətgahı Beyrut şəhərində olmaqla, Azərbaycan Respublikasının Livanda Səfirliyinin təsis olunduğunu bildirmişdir. Lakin, qarşılıq prinsipinin əksinə olaraq, indiyədək Livanın Bakıda səfirliyinin təsis olunmadığını və hətta Livanın heç bir səfirliyinin ölkəmizdə akkreditə olunmadığını bəyan etmişdir.

Səfir Azərbaycan tərəfinin Livanla bütün sahələrdə, o cümlədən ticarət, iqtisadiyyat, neft-qaz sənayesi və investisiya sahələrində sıx əməkdaşlıq etmək niyyətində olduğunu və bunun üçün hər cür imkan və şəraitin mövcud olduğunu vurğulayaraq, Livanın ölkəmizdə səfirliyinin təsis edilməsinin ikitərəfli əlaqələrin gücləndirilməsi baxımından zəruri olduğunu bildirmişdir.

T.Salam Azərbaycan Respublikasının Livan Respublikasında Səfirliyinin təsis edilməsini yüksək qiymətləndirərək, bu addımın ölkələrimiz arasında münasibətlərin inkişafında böyük rol oynayacağından əminliyini ifadə etmişdir. T.Salam Livanın Azərbaycanda səfirliyinin təsis olunmamasına görə təəssüfləndiyini bildirərək, ölkədə prezident seçkiləri baş tutduqdan sonra, bu məsələnin tezliklə öz həllini tapacağına ümid etdiyini bildirmişdir.

Görüş  zamanı Səfir Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 20% ərazisinin işğal altında olması və 1 milyondan çox insanın qaçqın vəziyyətinə düşməsi və həmçinin tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesi barədə ətraflı məlumat vermişdir.

 

Arxiv üzrə axtarış