2016-09-22

Xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatı Üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirmə Görüşündə çıxışı

qeyri-rəsmi tərcümə

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatı Üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirmə Görüşündə çıxışı

22 sentyabr 2016-cı il

Cənab Sədr,

Cənab Baş Katib,

Zati-aliləri,

Xanımlar və cənablar,

İlk öncə, mən Prezident İslam Kərimovun vəfatı ilə əlaqədar Özbəkistan xalqına və Hökumətinə dərin hüznlə başsağlığı verirəm. Mən cənab Sədr və cənab Baş Katibə bu görüşü təşkil etdiklərinə görə təşəkkür etmək istərdim. Həmçinin fürsətdən istifadə edib Küveyt dövlətinə Nyu York şəhərində Xarici İşlər Nazirləri Şurasının 42-ci sessiyasına uğurla ev sahibliyi və İƏT Qrupuna qüsursuz rəhbərlik etdiyi üçün minnətdarlığımı bildirirəm.

Bugünkü görüş İƏT Üzv Dövlətlərinin bəzilərinə birbaşa təsir edən artan gərginlik və beynəlxalq sülh və təhlükəsizliyə hədələr fonunda keçirilir. Beynəlxalq terrorizmə vəsilə olan zorakı ekstremizmin artması, qorxu və insan hüquqları pozulmalarının çoxalması Müsəlman Ümmətinə sülh, təhlükəsizlik və ədalət gətirilməsi vəzifəsini daha da mürəkkəbləşdirir.

Azərbaycan böyük təhlükəsizlik problemlərinin, bəzi regionlardakı qeyri-sabitlik, geniş miqyaslı yerdəyişmə və görünməmiş humanitar böhranların həll olunmasına öz töhfələrini vermiş bir sıra İƏT Üzv Dövlətlərindəki müharibə və silahlı münaqişələrin baş verməsindən çox narahatdır.

Biz Fələsətin dövlətinə beynəlxalq dəstəyin artmasını görməkdən çox məmnunuq. Mən qardaş Fələstin xalqına sülh, sabitlik və davamlı inkişaf əldə etmək uğrunda mübarizəsinə Azərbaycanın tam dəstək verdiyini bir daha təsdiq etmək istərdim. Azərbaycan Şərqi Yerusəlim Fələstin Dövlətinin paytaxtı olmaqla, İsrail-Fələstin münaqişəsinin “iki-dövlət” həllinə tərəfdardır.

Biz Fələstin ilə müxtəlif səviyyələrdə müntəzəm məsləhətləşmələr aparırıq. Məlumat üçün bildirim ki, 2016-cı ilin may ayında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyini təmsil edən yüksək səviyyəli nümayəndə heyəti Ramallaha rəsmi səfər etmiş və təcrübi əməkdaşlığın daha da intensivləşdirilməsi məqsədilə ikitərəfli sazişlər imzalanmışdır.

Hazirda dünyamızın üzləşdiyi çoxsaylı problemlər sırasında ilk yer şübhəsiz ki qlobal sabitlik və firavanlığı sarsıtmaqda davam edən terrorizmə məxsusdur. Çox təəssüf ki, sonuncu görüşümüzdən ötən vaxt ərzində İƏT üzv dövlətlərinin əraziləri də daxil olmaqla dünyanın müxtəlif yerlərində törədilmiş terror hücumları ilə bağlı faciəvi xəbərlər almışıq.

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi hədələrdən biri kimi terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir. Bütün terror aktları motivindən asılı olmayaraq qəbuledilməzdir, ağır cinayət sayılır, qınanmalı və mühakimə edilməlidir. Terroristləri qoruma və öymə hallarına yol verilməməlidir.

Biz müxtəlif dinlərin ucdantutma hədəf seçilməsinin qarşısını almaq və İslamafobiyanın tezlik və bədnamlığının qəbuledilməz şəkildə artmasını dayandırmaq üçün də səylərimizi əsirgəməməliyik. Dünya üzrə dini və mədəni müxtəlifliyin başa düşülməsi və onlara hörmət terrorizmə qarşı beynəlxalq mübarizənin gücləndirilməsinə əhəmiyyətli şəkildə öz töhfəsini verəcəkdir. Bu xüsusda biz İslam dini ilə bağlı böhtan və yanlış təsəvvürləri dəf etmək, həmçinin İslamafobiya fenomeni ilə mübarizə aparmaq məqsədilə İƏT tərəfindən həyata keçirilən işləri təqdir edirik.

Öz tərəfindən, Azərbaycan həmişə multikultural və dinlərarası dialoqun təşviq edilməsi və gücləndirilməsinə töhfə verməyə çalışmışdır. Biz müxtəlif dinlər, millətlər və sivilizasiyaların nümayəndələri arasında daha yaxşı anlaşmanı təmin etməyə yönəlmiş çoxlu sayda tədbirlərə ev sahibliyi etmişik. Mədəni və dini müxtəlifliyə əsaslanan ayrı-seçkilik olmayan cəmiyyət qurmaq mümkündür və Azərbaycan bunun bariz nümunəsidir. Mənim ölkəm bu ilin aprel ayında keçirilmiş “İnkluziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” mövzusunda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna müvəffəqiyyətlə ev sahibliyi etdiyi üçün qürur duyur. Bu bir daha Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında konstruktiv qarşılıqlı əlaqənin gücləndirilməsi, sivilizasiyalar arasında beynəlxalq səviyyədə daha geniş qarşılıqlı anlaşma və hörmətin təşviq edilməsinə dair sadiqlik və ithafını təsdiq etmişdir.

Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi və İslami dəyərlərin təşviq edilməsinə dair sadiqliyi də yaxşı məlumdur. Biz gələn il Bakı şəhərində 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməkdən böyük şərəf duyacağıq və ümid edirik ki bu tədbir müsəlmanlar arasında birlik, dostluq və qardaşlıq əlaqələrini gücləndirməyə kömək edəcəkdir.

Cənab Sədr,

Yekun olaraq, mən İƏT-in Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı qanunsuz güc tətbiqi və ərazilərinin işğalı ilə bağlı ardıcıl və prinsipial mövqeyini yüksək qiymətləndirirəm. Biz İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Kontakt Qrupunun yaradılması ilə bağlı 13-cü İslam Sammitinin qərarını alqışlayırıq. Məmnunluqla bildirmək istərdim ki, Kontakt Qrupun ilk iclası üç gün əvvəl burada, Nyu-Yorkda İllik Əlaqələndirmə Görüşü çərçivəsində müvəffəqiyyətlə keçirilmişdir. Mən Kontakt Qrupa daxil olan Üzv Dövlətlərə öz təşəkkürümü bildirmək istəyirəm və bir daha bütün Üzv Dövlətlərdən Kontakt Qrupun ədalət və beynəlxalq hüquqa hörmətin təmin edilməsinə yönəlmiş fəaliyyətini dəstəkləməyi xahiş edirəm.

Sağ olun!

Əs salamu aleykum və rahmətullahi va bərakatuh!

Arxiv üzrə axtarış