Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfiri Ağasəlim Şükürov Livan Respublikasının Ali Gömrük Şurasının sədri, briqada generalı Nizar Əli Xəlil ilə görüşmüşdür.
Görüş zamanı Səfir Azərbaycanın iqtisadi potensialı, zəngin təbii resursları, ölkəmizdə həyata keçirilən qlobal enerji layihələri barədə məlumat vermiş və tarixi Böyük İpək Yolunun üzərində yerləşən ölkəmizin beynəlxalq ticarət və nəqliyyat baxımından əlverişli mövqeyə malik olduğunu vurğulamışdır.
N.Xəlil bir sıra livanlı iş adamlarının Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olduğunu qeyd edərək, Livan tərəfinin Azərbaycanla müvafiq sahələrdə, xüsusilə də gömrük sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirmişdir.
Daha sonra tərəflər Azərbaycan və Livan arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparmışlar. Səfir Livanın mərhum baş naziri Rəfiq Əl-Həririnin 1998-ci ildə Azərbaycana səfəri zamanı tərəflər arasında əməkdaşlığa dair 4 sənəd və o cümlədən, “Azərbaycan Respublikası Hökuməti və Livan Respublikası Hökuməti arasında gömrük məsələlərinə dair qarşılıqlı yardım haqqında Saziş” imzalandığını diqqətə çatdırmışdır.
N.Xəlil həmin sənədin imzalanmasından uzun müddət keçdiyini vurğulayaraq, tərəflər arasında yeni sənədin imzalanmasını zəruri hesab etmiş və gömrük sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu layihəsinin baxılması üçün səfirliyə təqdim olunacağını bildirmişdir.