2016-01-28

Cari ilin 28 yanvar tarixində Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfiri Ağasəlim Şükürov “Livan Qüvvələri” partiyasının lideri Samir Caacaa ilə görüş keçirmişdir.

Görüş zamanı Səfir Azərbaycan haqqında geniş məlumat verərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə aparılan uğurlu islahatlar nəticəsində ölkəmizin bir sıra tarixi nailiyyətlərə imza ataraq, regionda lider dövlətə çevrildiyini bildirmişdir.

Səfir Azərbaycan Respublikasının Livan Respublikası ilə  əlaqələrin inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini bildirərək, bu məqsədlə Azərbaycan Respublikasının Livan Respublikasında Səfirliyinin təsis olunduğunu diqqətə çatdırmışdır. 

S.Caacaa Azərbaycan Respublikasının Livan Respublikasında Səfirliyinin təsis edilməsini yüksək qiymətləndirərək, bu addımın ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verəcəyindən əminliyini ifadə etmişdir.

Görüş  zamanı Səfir Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 20% ərazisinin işğal altında olması və 1 milyondan çox insanın qaçqın vəziyyətinə düşməsi və həmçinin tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesi barədə ətraflı məlumat vermişdir.

Öz növbəsində S.Caacaa Livanda və regionda gedən siyasi proseslər, ölkədəki prezident boşluğu, Livan qruplaşmaları arasında aparılan dialoq və Livanın digər ölkələrlə münasibətlərindən bəhs etmişdir.

Arxiv üzrə axtarış