2017-05-31

“28 May – Respublika Günü” münasibətilə Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi tərəfindən cari ilin 25 may tarixində Beyrutun Coral Beach otelində rəsmi qəbul mərasimi keçirilmişdir.

“28 May – Respublika Günü” münasibətilə Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi tərəfindən cari ilin 25 may tarixində Beyrutun Coral Beach otelində rəsmi qəbul mərasimi keçirilmişdir.

Təntənəli mərasimdə Livanın yüksək rütbəli dövlət rəsmiləri, görkəmli siyasi və ictimai xadimləri, Livan Milli Xəbər Agentliyinin baş direktoru Lora Suleyman başda olmaqla, yerli televiziya və KİV təmsilçiləri, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, xüsusilə Türkiyə, Rusiya, Ukrayna və Qazaxıstan səfirliklərinin geniş tərkibdə diplomatik heyəti, fəxri konsullar, Azərbaycan icmasının üzvləri, ölkəmizdə təhsil almış livanlılar, iş adamları və digər qonaqlar iştirak etmişlər.

Səfirlik tərəfindən keçirilmiş tədbirdə Livan prezidentini sosial məsələlər naziri Pyer Bu Assi, baş naziri rabitə naziri Camal Əl-Carrah, parlament sədrini deputat Ammar Əl-Huri, xarici işlər və mühacirlər nazirini isə nazirliyin beynəlxalq təşkilatlar, konfranslar və mədəni əlaqələr idarəsinin rəisi Afif Eyyub, Livan Ordusunun baş komandanını general Nahi Cübran təmsil etmişlər.

Azərbaycan və Livanın dövlət himnlərinin səsləndirilməsinin ardınca tədbiri səfir Ağasəlim Şükürov giriş nitqi ilə açaraq, 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının hazırda beynəlxalq arenada layiqli yer tutduğunu, dünyanın əksər ölkələri ilə bir sıra sahələrdə sıx əməkdaşlıq edən, yüksək dini tolerantlığı ilə seçilən, beynəlxalq konfrans, forum və çempionatlara evsahibliyi edən mütərəqqi bir dövlət olduğunu qeyd etmişdir. A.Şükürov Azərbaycan Respublikasının Livanda səfirliyinin təsis olunmasının ölkəmizin Livanla bütün sahələrdə əlaqələri inkişaf etdirmək istəyinin parlaq sübutu olduğunu diqqətə çatdıraraq, Livan tərəfinin də tezliklə analoji addım ataraq, qardaş ölkələrimiz arasında əlaqələrin daha da gücləndirilməsinə təkan verəcəyinə ümidvar olduğunu vurğulamışdır.

Daha sonra Livan tərəfindən sosial məsələlər naziri Pyer Bu Assi çıxış edərək, bu tədbirdə prezidenti təmsil etdiyini bildirmiş, bu günün Azərbaycanın Respublika Günü olması ilə yanaşı, həm də Azərbaycan və Livan xalqlarının dostluq günü olduğunu vurğulamışdır. Nazir, həmçinin, hər iki xalqın bir çox dəyərləri paylaşdığını, sivilizasiyalar və mədəniyyətlər arası dialoqa açıq olduğunu vurğulamışdır. P.Bu Assi müştərək səylərlə iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən ticari, mədəni və gənclər sahəsində səfər mübadilələrinin intensivləşdiriləcəyini bildirmiş, Livanı ziyarət edən azərbaycanlı dostların sayının daha da artmasını arzu etdiyini bildirmişdir.

Tədbirdə Azərbaycanın təbii mənzərələri, tarixi-mədəni abidələri, turizm məkanları, musiqisi, adət-ənənələri, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, müxtəlif sahələrdə əldə olunmuş nailiyyətlər və həyata keçirilən meqalayihələrdən bəhs edən sənədli filmlər nümayiş etdirilmiş, milli və klassik musiqilərimiz səsləndirilmiş, qonaqlara ziyafət verilmişdir.

Mərasim Livanın Milli Xəbər Agentliyi, aparıcı Əl-Cumhuriyyə qəzeti və digər yerli KİV tərəfindən geniş şəkildə işıqlandırılmışdır.

DSC_1623

 

Arxiv üzrə axtarış