2017-ci il ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində təşkil olunan Yüksək Səviyyəli Görüşdə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı
2017-ci il ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində təşkil olunan “Aralıq Dənizində təhlükəsizliyin möhkəmləndirilməsi və miqrant və qaçqınların böyük axını əsrində əməkdaşlıq” adlı Yüksək Səviyyəli Görüşdə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı
Palermo, 24 oktyabr 2017-ci il
Zati-aliləri,
Xanımlar və cənablar,
Mən italiyalı dostlarımıza, xüsusilə də Nazir Alfanoya, 2017-ci il ATƏT-in Aralıq Dənizi Konfransına ev sahibliyi etdikləri üçün təşəkkür etmək istərdim.
Bu ilki konfransın mövzusu çox təcili və mürəkkəb məsələlər olaraq beynəlxalq ictimaiyyətin gündəliyində vacib yeri tutur. Biz bu fenomenin yaxın gələcəkdə yalnız Aralıq Dənizi hövzəsi ölkələrində deyil, eyni zamanda bütün ATƏT məkanında təhlükəsizliyə təsir göstərəcək çox aspektli və çox şaxəli problem olması fikrini bölüşürük. BMT Baş Katibi Antonio Quterreşin Baş Assambleyanın 72-ci sessiyasında bildirdiyi kimi “qaçqınlar, məcburi köçkünlər və miqrantlar əsl problem deyil, problemin kökü münaqişədə, təqibdə və ümidsiz yoxsulluqda dayanır”. Həqiqətən də, öz evlərini tərk edən insanların sayının 65.6 milyon olaraq görünməmiş həddə çatmasına baxmayaraq biz hələ də məcburi köçürmələrə və insan əzabına gətirib çıxaran münaqişələrin həll olunmadığını görürük.
Qeyd olunmalıdır ki, qaçqınların və miqrantların düşdükləri ağır vəziyyət işıqlandırılsa da, beynəlxalq ictimaiyyət münaqişə səbəbindən təhlükəyə məruz qalan və dünyanın müxtəlif hissələrində acınacaqlı şəraitdə yaşayan milyonlarla kişi, qadın və uşaqlardan ibarət məcburi köçkünləri də unutmamalıdırlar.
Qaçqınların işləri üzrə BMT-nin Ali Komisarlığı bildirmişdir ki, bütün dünya üzrə məcburi köçkünlərin sayı rekord həddə, 41 milyon nəfərə çatmışdır. Azərbaycan məcburi köçkünlərin əzablarının işıqlandırılması üçün bütün cəhdləri tam dəstəkləyir. 2030-cu il Gündəliyində məcburi köçkünlərə istinad olunması, Bəşəriyyət üçün Gündəlik tərəfindən 2030-cu ilə qədər məcburi köçkünlərin sayının 50 faizə qədər azaldılmasının hədəflənməsi, eyni zamanda məcburi köçkünlərin qorunması və onlara dəstək göstərilməsi və bu cür məcburi köçürmələrin qarşısını alınması və azaldılması üçün təsirli strategiyaların nəzərdən keçirilməsini özündə əks etdirən Qaçqınlar və Miqrantlara dair Nyu York Bəyannaməsi əlbəttə ki, düzgün addımlardır, ancaq aydındır ki, kifayət deyil. Milyonlarla məcburi köçkünlərin acınacaqlı vəziyyətinin daha çox diqqətə, bu cür halların qarşısının alınması üçün yenidən düşünülmüş yanaşmalara, problemin kökündə dayanan səbəblərin aradan qaldırılmasına və eyni zamanda bütün səviyyələrdə birgə fəaliyyətə ehtiyacı var. Biz inanırıq ki, ATƏT həmçinin, məcburi köçkünlərin hüquqlarının qorunması məqsədilə ATƏT-in hərtərəfli cavab tədbirlərinin qiymətləndirilməsi üçün platforma rolunu oynamalıdır.
Azərbaycanın məcburi köçkünlər məsələsinə həssaslığı anlaşılandır. Mənim ölkəmdə məcburi köçürmə Ermənistanın beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etməsinin və hazırda hərbi təcavüzü davam etdirməsinin nəticəsidir. Beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində və Ermənistanda yaşayan 1 milyona yaxın azərbaycanlı mülki şəxsə qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Bu Azərbaycanı adambaşına düşən məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən birinə çevirib. Hazırda əhali artımı ilə əlaqədar olaraq məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib. Məcburi köçkün probleminin yeganə həlli onların təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla öz torpaqlarına qayıtmasıdır və bu mənim hökumətim üçün birinci prioritet məsələ olaraq qalır.
Məcburi köçkünlərin köçürülmə problemi həll olunana qədər mənim hökumətimiz məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün işləri davam etdirir. Son 20 ildə 6 milyard dollar investisiya yatırılıb və bu da məcburi köçkünlər arasında yoxsulluğun və işsizlik səviyyəsinin xeyli dərəcədə azalmasına gətirib çıxarıb. Bu vaxta qədər 250 min məcburi köçkün evlər və mənzillərlə təmin olunmuşdur. Bununla belə, yuxarıda qeyd olunan tədbirlər daimi yerli inteqrasiya kimi nəzərdən keçirilmir və öz torpaqlarına könüllü olaraq, təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla qayıtmaq məcburi köçkünlərin özləri tərəfindən yeganə arzu olunan seçim kimi qəbul olunur.
Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxartdıqdan sonra məcburi köçkünlərin öz evlərinə könüllü olaraq təhlükəsiz şəkildə və ləyaqətləri qorunmaqla qayıtmaq hüquqlarını təmin etmək məqsədilə Azərbaycan hökuməti “Böyük Qayıdış” adlı hərtərəfli proqram hazırlayıb.
Xanımlar və cənablar,
Azərbaycan üçün digər narahat doğuran məqam ondan ibarətdir ki, beynəlxalq ictimaiyyətin hazırda üzləşdiyi miqrasiya böhranından təsirli çıxış yolları axtarılan zaman bəzi siyasi liderlərin əzab çəkən miqrantlardan öz maraqları üçün istifadə etmək cəhdlərinə xüsusi diqqət yetirmək böyük əhəmiyyət kəsb edir. Beynəlxalq humanitar hüququ, xüsusilə də 1949-cu il Dördüncü Cenevrə Konvensiyanı və Əlavə Protokolları kobud şəkildə pozaraq Suriyadan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək məqsədi ilə Ermənistanın həyat keçirdiyi siyasət insan əzabından qeyri-qanuni məqsədlər üçün istifadə cəhdlərinin bariz nümunəsidir.
Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə həyata keçirilən bu siyasət və təcrübə, eyni zamanda işğal olunmuş ərazilərin iqtisadi, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsi, Ermənistanın azərbaycanlı əhalinin öz evlərinə qayıtmasının qarşısını almaq və Azərbaycan torpaqlarını anneksiya etmək niyyətini nümayiş etdirir. Qeyd etmək lazımdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” işində məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnu təsdiq edib və beynəlxalq humanitar hüquq və mülkiyyət haqları ilə bağlı insan hüquqlarına hörmətlə yanaşmağa çağırışlar edib. Məhkəmə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların azərbaycanlı məcburi köçkünlərin hüquqlarına müdaxilə üçün heç bir hüquqi əsas yaratmadığını bildirib və Ermənistanın münaqişə zamanı öz torpaqlarını tərk edən azərbaycanlılar qarşısında öhdəlik daşıdığını xatırladıb. Nəticə etibarilə, məhkəmənin qərarı işğal olunmuş ərazilərdə mülkiyyətin digər şəxslərə ötürülməsinin qeyri-qanuni olduğunu bəyan edib. Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətə güclü beynəlxalq və ictimai tənqid Ermənistan rəhbərliyinin mövcud status-kvonu möhkəmləndirmək istəklərinə mane ola bilər və münaqişənin sülh yolu ilə həlli prespektivlərini artıra bilər.
Sağ olun.